loader
Sizi palçıqdan yaradan, sonra da əcəlinizi təyin edən Odur. Onun yanında Qiyamət günü üçün də bəlli bir əcəl vardır. Bunu bildikdən sonra siz yenə də şübhə edirsiniz.
O, həm göylərdə, həm də yerdə ibadət olunan Tək Allahdır. O, gizlində saxladığınızı da bilir, aşkarda etdiyinizi də. O, sizin nə qazanacağınızı da bilir.
Əgər sənə kağız üzərində bir yazı nazil etsəydik və onlar da əlləri ilə ona toxunsaydılar, kafir olanlar yenə də: “Bu, açıq-aydın sehrdən başqa bir şey deyildir!”– deyərdilər.
Onlar: “Nə üçün ona mələk endirilməyib?”– dedilər. Əgər biz mələk endirsəydik, iş bitmiş olardı, onlara isə möhlət verilməzdi.
Əgər biz onu mələk etsəydik, əlbəttə, onu kişi edərdik və onları bir daha düşdükləri şübhəyə salardıq.
Əlbəttə, səndən əvvəlki elçilərə də istehza edilmişdi. Amma istehza edənləri, məsxərəyə qoyduqları şey hər tərəfdən bürüdü.
Gecə və gündüzdə sükunət içində olanların hamısı Ona məxsusdur. O, Eşidəndir, Biləndir.
De: “Əzəmətli günün əzabından qorxduğum üçün Rəbbimə asi olmaram”.
Əgər Allah sənə bir zərər vurmaq istəsə, bunun qarşısını Ondan başqa heç kəs ala bilməz. Əgər sənə bir xeyir toxundursa, heç kəs Ona mane ola bilməz. O, hər şeyə qadirdir.
O Öz qulları üzərində mütləq hakimiyyət sahibidir. O, Müdrikdir, hər şeydən Xəbərdardır.
De: “Kimin şahidliyi daha böyükdür?” De: “Allah mənimlə sizin aranızda Şahiddir. Bu Quran mənə vəhy olundu ki, onunla sizi və onun çatacağı hər kəsi xəbərdar edim. Məgər siz Allahla yanaşı ibadətə layiq olan başqa məbudların olduğuna şahidlik edirsiniz?” De: “Mən şahidlik etmirəm!” De: “O, Tək olan İlahdır. Mən sizin şərik qoşduqlarınızdan uzağam”.
Allaha qarşı yalan uyduran və ya Onun ayələrini yalan hesab edən kimsədən daha zalım kim ola bilər? Şübhəsiz ki, zalımlar nicat tapmayacaqlar!
Sonra onların: “Allaha – Rəbbimizə and olsun ki, biz müşrik olmamışdıq!”– demələrindən başqa bir bəhanələri qalmayacaq.
Bax gör onlar özlərinə qarşı necə yalan söyləyirlər. Uydurduqları bütlər isə onlardan uzaqlaşıb yox olacaqlar.
Aralarında səni dinləyənlər də vardır. Quranı anlamasınlar deyə onların qəlblərinə pərdə çəkdik, qulaqlarına da tıxac vurduq. Onlar istənilən ayəni görsələr belə, yenə də ona inanmazlar. Hətta sənin yanına gəldikdə səninlə mübahisə edirlər. Kafir olanlar: “Bu, keçmişdəkilərin əfsanələrindən başqa bir şey deyildir”– deyərlər.
Onlar həm insanları haqdan uzaqlaşdırır, həm də özləri ondan uzaqlaşırlar. Onlar ancaq özlərini həlak edir və bunu hiss etmirlər.
Odun üzərində dayandırıldıqları vaxt onların: “Kaş ki, bizi dünyaya qaytaraydılar! Onda biz Rəbbimizin ayələrini yalan saymayıb möminlərdən olardıq”– dediklərini görəydin!
Xeyr! Əvvəllər gizlətdikləri günahlar onlara aşkar oldu. Əgər onlar geri qaytarılsaydılar, yenə də özlərinə qadağan olunmuş şeylərə qayıdardılar. Şübhəsiz ki, onlar yalançıdırlar.
Onlar dedilər: “Dünya həyatımızdan başqa bir həyat yoxdur və biz dirildilməyəcəyik!”
Onları Rəbbinin qarşısında dayandırılarkən bircə görəydin! Allah deyəcəkdir: “Məgər bu dirilmə həqiqət deyilmi?” Onlar: “Əlbəttə, Rəbbimizə and olsun ki, bu həqiqətdir!”– deyəcəklər. O buyuracaqdır: “Elə isə inkar etdiyinizə görə dadın əzabı!”
Səndən əvvəlki elçiləri də yalançı saymışdılar. Lakin Bizim köməyimiz onlara gələnədək yalançı sayılmalarına və onlara əziyyət verilməsinə səbir etdilər. Heç kəs Allahın kəlmələrini dəyişə bilməz. Artıq peyğəmbərlərə aid bəzi xəbərlər sənə gəlib çatdı.
Əgər onların haqdan üz döndərməsi sənə ağır gəlirsə, onda bacarırsansa yerin içinə enə biləcəyin bir lağım və göyə çıxa biləcəyin bir nərdivan tap ki, onlara bir möcüzə gətirəsən. Əgər Allah istəsəydi onları toplayıb doğru yola yönəldərdi. Elə isə cahillərdən olma!
Sənin çağırışını ancaq səmimi qəlbdən dinləyənlər qəbul edər. Ölülərə gəldikdə isə, Allah onları dirildəcək, sonra da onlar Onun hüzuruna qaytarılacaqlar.
De: “Doğru danışanlarsınızsa, deyin görüm, əgər sizə Allahın əzabı gəlsə və ya həmin Saat sizi haqlayarsa, Allahdan başqasınımı çağıracaqsınız?”
Xeyr! Siz yalnız Onu çağıracaqsınız. Əgər Allah istəsə, Ona uzaqlaşdırması haqqında yalvardığınız bəlanı aradan qaldırar və şərik qoşduğunuz şeyləri unudarsınız.
Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin qapılarını onların üzünə açdıq. Özlərinə verilən şeylərə sevindikləri vaxt isə onları qəflətən yaxaladıq və onlar naümid qaldılar.
De: “Bir deyin görək, əgər Allah sizin eşitmə və görmə qabiliyyətinizi əlinizdən alsa, qəlblərinizə möhür vursa, Allahdan başqa hansı məbud onları sizə qaytara bilər?” Bax gör, Biz ayələri necə izah edirik, sonra onlar yenə üz çevirirlər.
Biz elçiləri yalnız müjdə verən və xəbərdarlıq edənlər kimi göndəririk. İman gətirib əməllərini islah edənlərin heç bir qorxusu yoxdur və onlar kədərlənməyəcəklər.

СЎНГГИ ЯНГИЛИКЛАР